Üzümdə “qeyri-parazitar” xəstəliklər qida elemetlərinin çatışmazlığı zamanı müşahidə edilir. Qida çatışmazlığının ən geniş yayılan əlamətlərindən biri xlorozdur. Xloroz xəstəliyi torpağın bitki üçün əlverişsiz olması, maddələr mübadiləsinin pozulması, torpaqda qida maddələrinin çatışmazlığı, yaxud da həddən artıq çoxluğu, minerallaşma və mikrobioloji proseslərin pozulması nəticəsində baş verir. Belə ki, torpaqda rütubətin az və ya həddən artıq çox olması, hava və torpaqda temperaturun az olması, köklərin müxtəlif təsirlərdən zədələnməsi, torpaqda duzların çoxluğu, dəmirin isə az olması kimi amillər xəstəliyi formalaşdırır. Qida maddələrinin çatışmazlığı zamanı siptomlar adətən vegetasiyanın əvvələrində meydana çıxır - yarpaq rəngdəyişmələri ilə yanaşı, fotosintez prosesi kəskin pozulur, tənəyin inkişafı tamamilə zəifləyir, çiçəkləmə və mayalanma prosesi pozulur, xəstəlik və zərərvericilərə qarşı davamlılıq azalır. Sonda isə tənəyin məhsuldarlığı kəskin aşağı düşməklə, keyfiyyətsiz məhsul alınır, tənək inkişafdan qalır. Çox əhəngli torpaqlarda əkilən tənəklərdə xloroz xəstəliyi daha çox inkişaf edir. Filloksera zərərvericisinə davamlı calaqaltılardan istifadə edilmiş üzüm bağlarında da xloroz xəstəliyi tez-tez baş verir. Bu amerika növlərinin xloroza davamsız olduğunu göstərir. Əhəng çox olan torpaqlarda CaCO3-ün təsiri ilə dəmir mənimsənilmiyən vəziyyətə keçir. Xloroz uzun sürən xəstəlik olmasına baxmayaraq, bu xəstəlik müşahidə edilən tənəklərdə vaxtından əvvəl yarpaqların tökülməsi, meyvələrin xırda qalması və məhsuldarlığın aşağı düşməsi müşahidə edilir. Xlorozun ilk əlaməti yarpaqların, xüsusən də uc yarpaqların saralması ilə başlayır, lakin damarcıqlar yaşıl rəngini qoruyub saxlayır. Xlorozun güclü formasında bitkidəki bütün yarpaqlar saralır, əksər hallarda yarpaqlarda ayanın uc hissəsi, yaxud kənarları quruyur və qaralır. Xloroz (yarpaq saralmaları, yarpaq rəngdəyişmələri) hansı səbəbdən baş verir: - xlorozun ən geniş yayılan forması “dəmir” xlorozudur. Bu xəstəlik bitkinin kök sisteminin yayıldığı torpaq qatında yüksək miqdarda əhəngin olması nəticəsində baş verir. Belə karbonatlı torpaqlarda dəmir duzları həll olmayaraq, bitki tərəfindən mənimsənilən vəziyyətə keçə bilmir. Dəmir torpaqda mövcud olsa da, yüksək pH (pH-ın 7-dən yuxarı olması) mühiti və digər mineralların həddindən artıq olması dəmir birləşmələrinin həll olmasına mənfi təsir edir.
Azərbaycanda taxıl zəmilərinin 70,5 faizində biçin başa çatıb. İyulun 2-nə olan operativ məlumata görə, 716682 hektar biçilmiş sahədən 2269775,4 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,7 sent/ha təşkil edir. Arpa sahələrinin biçini yekunlaşmaq üzrədir. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bugünədək 322878 hektar sahədə biçin başa çatıb. Hazırda dağətəyi rayonlarda arpa biçini davam edir. Sahələrdən ümumilikdə 976992,6 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir. Dağətəyi rayonların əksəriyyətində arpa biçini başa çatıb. Buğda sahələrində də biçin davam edir. Ölkə üzrə 641 min hektar buğda sahəsinin 393804 hektarında biçin yekunlaşıb. Sahələrdən 1292782,8 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 32,8 sentner təşkil edir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermerlərdən yazlıq əkin bəyanlarının qəbulu sona çatıb. İndiyədək Aqrar Kredit və İnkişaf Agentliyi 45 min fermerin yazlıq əkin bəyanını təsdiqləyib və onlardan 35 min nəfərinə subsidiya ödənişi edib. Ümumilikdə yazlıq əkinlər üzrə təsərrüfat sayına görə 59.4 min əkin bəyanı təsdiqlənib. 111 min hektarda yaz əkinləri aparıldığı barədə bəyan qəbul edilib. Qeyd edək ki, 2020-ci ildən qüvvəyə minmiş yeni subsidiya mexanizminə görə, fermerlər əkin sahələri, əkdikləri bitkilər barədə məlumatları EKTİS-ə daxil etməklə, əkin bəyanı göndərir və subsidiya üçün dövlətə müraciət edirlər. İndiyədək EKTİS-də kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 505 245 min fermer qeydiyyatdan keçib. Bu fermerlərdən 409 975 nəfərinin birillik və çoxillik əkin bəyanı təsdiqlənib. 2020-ci ildə əkinçiliyə görə fermerlərə 213.8 milyon manat subsidiya ödənilib